Türkün milli qalxanı | TƏHLİL

// SİPER türk ölkələrinin də səmasına sipər çəkəcək

   Türkün milli qalxanı    | TƏHLİL
  27 İyun 2024    Oxunub:5433
Son illərdə dunyada baş verən 183 münaqişədən yalnız biri – Qarabağ problemi tamamilə, həm də beynəlxaq hüquqa uyğun olaraq Azərbaycan tərəfindən həll edilib. Davam edən müxtəlif intensivlikli müharibə və toqquşmaların hər birində hava hücumundan müdafiə sistemlərinin nə qədər böyük əhəmiyyət daşıdığı ortaya çıxır. Havadan qorunmayan və ya zəif qorunan heç bir tərəf uğurlu nəticə əldə bilmir.
Bunu əvvəllər Yuqoslaviya, İraq, Suriya, Əfqanıstan, Ermənistan, Ukrayna və Fələstin nümunəsində də müşahidə etmişik. Bir çox inkişaf etmiş ölkələrin hava hücumundan müdafiə sahəsində ciddi boşluqlar var. Suriyanın hava məkanı istənilən hücum üçün açıq qapıdır. NATO Ukraynanın hava məkanını qoruya bilmir.


Hava hücumlarından qorunma Türkiyə müdafiə sənayesinin hazırda ən çox diqqət etdiyi məsələlərdən biridir. Ölkə rəhbərliyi HHM sistemlərinin istehsalını genişləndirməklə xaricdən asılılığı minimuma endirir. Türkiyə aşağı və orta yüksəklikdə təhdid yaradan hava hədəflərinə qarşı “Hisar A+” və “Hisar O+” raket sistemlərindən sonra uzaqmənzilli vasitələrin hazırlanmasını da həyata keçirir. Bundan əvvəl isə “Korkut”, “Gökdeniz” və “Sungur” kimi hava hücumundan müdafiə sistemləri silahlanmaya qəbul edilib.

Göyə çəkilən sipər

Türkiyənin müdafiə sənayesi şirkətləri SİPER və HİSAR hava hücumundan müdafiə sistemləri üçün rekord məbləğdə müqavilələr imzalayıblar. Nəticədə SİPER uzaqmənzilli HHM sisteminin seriya istehsalı üçün münbit şərait yaranıb. Bu silah sistemləri Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının arsenalı üçün nəzərdə tutulur.


Aşağı və orta hündürlükdə fəaliyyət göstərən HİSAR Hava Hücumundan Müdafiə sistemi üçün də sifarişlərin sayı artır. Bu sistemlər isə Türkiyə Quru Qoşunları Komandanlığına tədarük ediləcək.

Yeni mərhələ

Türkiyə Müdafiə Sənayesinin İdarə Heyətinin koordinasiyası ilə ASELSAN, ROKETSAN və TÜBİTAK-SAGE ilə əməkdaşlıq sayəsində hazırlanan SİPER sistemində hazırda 100 kilometrdən uzaq mənzilə malik raketdən istifadə edilir. Yaxın gələcəkdə isə atəş məsafəsi 150 kilometrə çatdırılacaq. Türkiyənin ilk uzaqmənzilli Hava və Raket Hücumundan Müdafiə sisteminin layihəsi “SİPER-Blok1” adı ilə artıq kütləvi istehsal prosesindədir.
Aşağı və orta hündürlükdə fəaliyyət göstərən Raketdən və Hava Hücumundan Müdafiə sistemlərində istifadə ediləcək HİSAR-ın da istehsalı genişləndirilir. Bu, eyni zamanda yeni araşdırmaların aparılması və modernləşdirmə üçün əlavə imkanlar yaradır.



HHM sistemlərini dünyada çox az sayda ölkə istehsal edə bilir. Türkiyənin onları milli resurslarla inkişaf etdirməsi böyük nailiyyət olmaqla bərabər, havadan müdafiə sisteminin yaradılmasında müttəfiqlərinin də ehtiyaclarını qarşılayacaq. Türkiyə SİPER və bu kompleksdə istifadə olunacaq HİSAR raketi sayəsində həm uzaq məsafələrdə hava hücumundan müdafiə imkanları əldə edəcək, həm də HHM sisteminin eşalonlaşdırılmasını yekunlaşdırılacaq.

Əvvəllər Türkiyənin müdafiə sənayesi atəş məsafəsi 15 km olan “Hisar A+” və 25 km olan “Hisar-O+” adlı HHM sistemlərini silahlanmaya təhvil vermişdi. Bunlardan başqa, qardaş ölkədə yerli imkanlarla hazırlanan “Korkut”, “Gökdeniz” və “Sungur” müasir HHM sistemlərindən uğurla istifadə olunur. Son illərdə həm daşınan, həm mobil, həm də sabit bazaya malik HHM sistemlərinin istehsalında atdığı əhəmiyyətli addımlar Türkiyənin hava məkanının təhlükəsizliyini maksimum təmin etmək hədəflərini aşkar nümayiş etdirir.

Əhəmiyyəti

İlk sınaqları uğurla keçirilən uzaqmənzilli HİSAR raketləri sayəsində SIPER sisteminin hava hədəflərinə qarşı həm reaksiya imkanları, həm tətbiq effektivliyi artacaq. Türkiyənin Hava Hücumundan Müdafiə qüvvələrinin uzaq məsafələrdə havadan qorunma ehtiyacları qarşılanacaq və qardaş ölkənin səması daha etibarlı şəkildə qorunacaq.


“Caesar”ın rəqibi: Azərbaycan “Yavuz” haubitsası ilə maraqlanır

Bu raket və hava hücumundan müdafiə vasitələrinin Türkiyənin silahlanmasına qəbul edilməsi TSK-nın quruda, dənizdə və havada təhlükəsizliyini təmin etmək, dövlətin hüquq və mənafelərini qorumaq baxımından vacib addımlardan biridir. Regionda artan gərginliklərin fonunda fasiləsiz olaraq yeni və müasir silahların istehsal edilməsi həm Türkiyənin, həm də müttəfiqlərinin müdafiə qabiliyyətini daha da gücləndirəcək. Türkiyə vaxtilə müxtəlif bəhanələrlə ona hava hücumundan müdafiə sistemləri satmayan ölkələrin özlərinə havadan müdafiə sistemləri satacaq vəziyyətə yaxınlaşır.

Ümumi xüsusiyyətləri

SİPER Hava Hücumundan Müdafiə sisteminin ümumi xüsusiyyətləri:

• Hava hücumundan müdafiənin planlaşdırılması və koordinasiyası;
• Komanda-idarəetmə sistemi çərçivəsində məlumatların analizi və paylanması;
• Kombinə edilmiş hava təsviri;
• Çoxsaylı hədəf izləmə və ardıcıl atəş açmaq imkanı;
• Mexaniki / yarıavtomatik / avtomatik rejimdə nişan almaq imkanı;
• Dost və ya düşmən hədəflərinin müəyyənləşdirilməsi (IFF);
• Təhlükənin qiymətləndirilməsi və silahların bölüşdürülməsi;
• Avtomatik diaqnostik idarəetmə;
• Çoxhədəfli və çoxradarlı mənzərə;
• Raketlərlə iki istiqamətli əlaqə;
• Simli / simsiz rabitə;
• Dik və ya bucaq altında atəş açmaq imkanı;
• Çətin şəraitdə işləmək bacarığı;
• HvBS, Radnet bağlantısı ilə interfeys;
• Taktiki məlumat bağlantıları (Link-16, JREAP-C) vasitəsilə yuxarı komandanlıq ilə əlaqə;
• Daxili simulyasiya;
• Hər biri 6 raket atmağa qadir olan 8 FFS bölməsi ilə paralel işləmək bacarığı.



Böyük rəqabət

Türkiyə müdafiə sənayesinin yaxın gələcəkdə hava hücumundan müdafiə sahəsində Rusiya və ABŞ ilə rəqabət aparmaq niyyətləri artıq özünü aşkar büruzə verir. Rusiya və ABŞ kimi istehsalçılar uzaqmənzilli HHM sistemlərinin hazırlanması zamanı ilk sınaqdan son sınaqlara və kütləvi istehsalın başlanmasına qədər azı 10 il çalışırdılarsa, türk mühəndisləri bu mərhələləri bəzi silahlarda 2, bəzilərində isə 3 dəfə daha qısa müddətdə başa çatdırırlar. Raket və özütuşlanan başlıqların hazırlanmasının çox mürəkkəb proses olmasına baxmayaraq, Türkiyə sənayesi daşınan zenit-raket komplekslərindən uzaqmənzilli HHM sistemlərinə qədər bu sferanın bütün silah və idarəetmə sistemlərini özü istehsal edərək, ABŞ və Rusiya ilə rəqabətə hazır olduğunu nümayiş etdirir.


Eyni fikri pilotsuz vasitələrə və idarəolunan sursatlara da aid etmək mümkündür. Türkiyənin süni zəka ilə idarə edilən, sürü şəklində fəaliyyət göstərən PUA-larından tutmuş, uzaqmənzilli raketlərdən atəş acmaq imkanına malik HALE tipli vasitələrinə qədər müxtəlif çeşiddə silahları, həmçinin onların istifadə etdiyi lazerlə idarə olunan raketlər hazırda ən çox müştərisi olan müdafiə sənayesi məhsullarındandır. Yaxın perspektivdə Türkiyə sənayesinin istehsal etdiyi hipersəs sürətli qanadlı raketlərin yerli PUA-lara inteqrasiyası da gözlənilir.

Ortaq sipər

Sadalanan nailiyyətləri həm “Şuşa Bəyannaməsi”, həm iki qardaş ölkənin ortaq HAKİM Hava İdarəetmə və Nəzarət Sistemi layihəsi, həm də Azərbaycan Ordusunun Türk Ordu Modelinə keçid proqramının kontekstində dəyərləndirmək lazımdır. SİPER HHM sisteminin HAKİM layihəsinin vacib elementlərindən birinə çevriləcəyi gün çox yaxındadır. Bunun üçün yəqin ki, artıq iki qardaş ölkənin ortaq “İki dövlət, bir millət, bir hava məkanı” şüarına uyğun olaraq hava məkanının birgə mühafizəsi konsepsiyası da hazırlanıb.


SİPER kompleksinin HAKİM sisteminə inteqrasiyası iki qardaş ölkənin quru, hava və dəniz sərhədlərinin havadan ortaq mühafizəsini və toxunulmazlığını daha etibarlı şəkildə təmin edəcək. Türkiyə və Azərbaycanın təhlükəsizlik, suverenlik, müstəqillik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlı hörmət üzərində faydalı əməkdaşlıq etməsi digər dost və müttəfiq ölkələrin birgə hərbi əməkdaşlıq layihələrinə marağını daha da artıracaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: SİPER   HHM   Türkiyə   Hərb  





Xəbər lenti